Xəbərlər


“Dənli və texniki bitkilərin, meşələrin yanğın təhlükəsizliyi” mövzusunda seminar-müşavirə” !

Cəmiyyətin direktoru Musa Hüseynov 18 aprel 2013 –cü il tarixdə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin təşkilatçılığı ilə Qəbələ rayonunda “Dənli və texniki bitkilərin, meşələrin yanğın təhlükəsizliyi” mövzusunda keçirilən seminar-müşavirədə iştirak etmişdir.
Qəbələ Mədəniyyət Mərkəzində keçirilən tədbirdə respublikanın Qarabağ, Qərb, Şimal-Qərb, Şimal, Aran bölgələrini əhatə edən 40 rayonun icra hakimiyyətinin nümayəndələri, bələdiyyə sədrləri, fermerləri, texniki nəzarət müfəttişliklərinin, meşələrin mühafizəsi və bərpası müəssisələrinin, “Aqrolizinq” ASC-nin nümayəndələri iştirak ediblər.
Dövlət Yanğın Nəzarəti Xidmətinin rəisi, daxili xidmət general-mayoru Elmar Hüseynov çıxış edərək qarşıdan gələn mövsümdə dənli və texniki bitkilərin yığılması, daşınması, saxlanması və emalı dövründə, həmçinin meşələrdə yanğın təhlükəsizliyinin təmin olunması üçün qarşıda duran vəzifələr barədə məlumat verib. Xidmət rəisi dənli və texniki bitkilərin yığılması, daşınması, saxlanması və emalı dövründə siqaret çəkilən zaman ehtiyatsızlıq, uşaqların odla ehtiyatsız davranışı, texnikaların hərəkət hissələrinin və detallarının dağılması, hərəkətli mexanizmlərə kənar əşyaların düşməsi, elektrik avadanlıqlarının texniki istismar qaydalarının pozulması, nəqliyyat vasitələri sistemlərinin, mexanizm və hissələrinin, qığılcımsöndürən qurğuların nasazlığı, təndirdən və ocaqdan düşən qığılcım, sobaların istismarı zamanı yanğın təhlükəsizliyi qaydalarına riayət olunması, biçilmiş sahələrin yandırılması, elektrik avadanlıqlarının quraşdırılması qaydalarının pozulması səbəbindən baş verən yanğın hadisələri barədə danışıb.
Elmar Hüseynov bildirib ki, 2012-ci ildə respublika ərazisində 5 ton dənli, texniki və paxlalı bitki, 2,3 ton yem, eləcə də dənli, texniki və paxlalı bitkilərin əkildiyi 76 hektar sahə yanaraq məhv olub. Yem məhsullarının yanması nəticəsində 551897 manat, texniki və paxlalı bitki əkilmiş sahələrin yanması nəticəsində isə kənd təsərrüfatı zəhmətkeşlərinə 30 min 822 manat maddi ziyan dəyib. Seminar-müşavirədə yay mövsümünün başlanması ilə əlaqədar respublika ərazisindəki meşə və meşə zolaqlarının, meşə ətrafında yerləşən obyektlərin yanğın təhlükəsizliyini təmin etmək məsələsi geniş müzakirə edilib. Tədbirdə yanğına qarşı təbliğat işinə də geniş yer verilib.
Cəmiyyətin direktoru Musa Hüseynov tədbirdə çıxış edərək “Ağstafa Aqroservis” MMC -nin fəaliyyəti haqqında geniş məlumat vermiş və bildirmişdir ki, aqroservis cəmiyyətində yanğın təhlükəsizliyi ilə bağlı bütün lazımi tədbirlər həyata keçirilərək daima diqqət mərkəzində saxlanır. Cəmiyyətin balansında olan texnikalar ilkin yanğınsöndürən apparatlarla tam təhciz edilmiş, onların atqı borularına qığılcım söndürənlər quraşdırılmışdır. Və sonda Musa müəllim tərəfindən təklif edilmişdir ki, dövlət tərəfindən həyata keçirilən yanğın söndürmə ilə bağlı tədbirlər bu il də “Ağstafa Aqroservis” MMC – nin inzibati binasında keçirilsin.
Dövlət Yanğın Nəzarəti Xidmətinin (DYNX) yanğına qarşı təbliğat şöbəsinin rəisi, daxili xidmət polkovniki Hikmət Xudiyev “Dənli və texniki bitkilərin yığımı, daşınması, saxlanılması və emalı dövründə yanğın təhlükəsizliyi tədbirləri” mövzusunda geniş məruzə edib. Müşavirənin işində meşə sahələrində yanğın təhlükəsizliyi tədbirləri, yanğın təhlükəsizliyi qaydalarının pozulmasına görə hüquqi məsuliyyət, əməyin mühafizəsi və texniki təhlükəsizlik mövzuları ətrafında çıxışlar olub. Müşavirə iştirakçılarına “Dənli və texniki bitkilərin, meşələrin yanğın təhlükəsizliyi tədbirləri” adlı yaddaş kitabçası paylanılıb.
Müşavirədə DYNX-nin təşkil etdiyi video-stend və yanğın-texniki sərgi də nümayiş olunub.