Xəbərlər







BU GÜN MİLLİ ORDUNUN YARANMASINDAN 94 İL ÖTÜR

Bu gün Azərbaycanda Silahlı Qüvvələr Günüdür. Uzun illərdir ki, bu tarix ölkəmizdə rəsmi bayram kimi qeyd olunur. 1918-ci il, iyunun 26-da Azərbaycan Demokratik Respublikası Nazirlər Şurasının qərarı ilə ölkəmizdə ilk müntəzəm hərbi hissə - əlahiddə Azərbaycan korpusu yaradılıb. Bu qərar müsəlman Şərqində ilk demokratik hökumətin öz ordusunu yaratmasına hüquqi əsas verib.
Təəssüf ki, 1920-ci ilin aprel işğalından sonra milli ordu ləğv edildi. Sovet imperiyası dağılandan, ölkəmiz dövlət müstəqilliyinin bərpa edəndən sonra, 1991-ci il, oktyabrın 9-da Azərbaycan Respublikasının Ali Soveti Milli Ordunun yaradılması haqqında qərar qəbul etdi.
1918-ci il, mayın 28-də qəbul edilmiş “İstiqlal bəyannaməsi”ndə qeyd edilirdi ki, Azərbaycan özünü xarici müdaxilələrdən müdafiə etmək, daxili düşmən qüvvələrini zərərsizləşdirmək üçün nizami orduya malik olmalı, öz silahlı qüvvələrini yaratmalıdır. Hələ o zaman hökumət tərəfindən 25 min nəfərlik ordu yaratmaq vəzifəsi irəli sürülüb. Dövlət büdcəsinin 24 faizi hərbi məqsədlərə ayrılıb. Avqustun 1-də isə Hərb Nazirliyi təsis olunub. Xosrov bəy Sultanov Azərbaycanın ilk müdafiə naziri təyin edilib. Daha sonra onu bu postda general Səməd bəy Mehmandarov əvəzləyib. General-leytenant Əlağa Şıxlinski isə nazir müavini təyin edilib.
Azərbaycanda ilk hərbi parad 1919-cu ildə Bakıda, indiki Muzey Mərkəzinin yerləşdiyi ərazidə keçirilib. Qısa müddətdə Milli Ordu Osmanlı dövlətinin Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və ətraf qəzaları erməni-bolşevik işğalından azad edib. Azərbaycan ordusunun Hüseyn xan Naxçıvanski, İbrahim ağa Usubov, Həmid Qaytabaşı, Kazım Qacar, Cavad bəy Şıxlinski, Həbibbəy Səlimov kimi generalları olub.
1991-ci ildə Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra hərbi sahədə ciddi böhranla üzləşdi. Nizami orduya malik olmayan Azərbaycanın qarşısında duran əsas vəzifə Qarabağ uğrunda gedən döyüşlərdə vəziyyəti nəzarət altına almaq idi. Ordunun maddi-texniki təminatı demək olar ki, yox idi. Könüllü batalyonlardan nizami orduya doğru ilk ciddi addımlar atıldı. Qismən hərbi səfərbərlik və orduya çağırış işi yoluna qoyuldu.
1992-ci il, oktyabrın 9-da Azərbaycanın ikinci prezidenti, mərhum Əbülfəz Elçibəyin hakimiyyəti zamanında Bakıda keçirilən hərbi parad orduya olan inam və marağı, eləcə də vətənpərvərlik ruhunun artırılması üçün atılan addım oldu. Prezident Heydər Əliyevin 22 may, 1998-ci il tarixli sərəncamına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün - 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olundu və hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir.
Bu gün Qafqazda ən müasir ordu hesab olunan Azərbaycan Milli Ordusu Hərbi Hava və Hava Hücumundan Müdafiə, Hərbi Dəniz və Quru qoşunlarından ibarətdir. Bu qoşun növləri potensial rəqiblə qırıcı və bombardmançı təyyarələrlə effektiv mübarizə aparmaq iqtidarındadır. MDB çərçivəsində Azərbaycan hava hücumundan müdafiə qüvvələrinə malik ən güclü ölkələrdən sayılır. Büdcə vəsaiti ildən-ilə artırılan Azərbaycan Silahlı Qüvvələrinin buna müvafiq olaraq hərbi imkanları da genişlənir.