Xəbərlər







Taxıl bayramınız mübarək!

İyul ayının 14-də Ağstafa Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin və “Ağstafa Aqroservis” MMC-nin təşkilati dəstəyi ilə Ağstafa rayonunda ilk dəfə olaraq taxıl bayramı keçirildi.
Tədbir iştirakçıları ilk olaraq Cəmiyyətin Saloğlu qəsəbəsində, istifadəsində olan taxıl sahələrində olmuş və müasir kənd təsərrüfatı texnikasının nümayişi ilə taxıl biçininin Ağstafa rayonunda başa çatması mərasimində iştirak etdilər.
Tədbirdə Kənd Təsərrüfatı Nazirinin müavini İlham Quliyev, rayon İcra Hakimiyyətinin Başçısı Məhərrəm Quliyev, “CLAAS” şirkətinin şərq ölkələri üzrə icraçı direktoru Nils Roitsch, icraçı direktorun müavini Serdar Gurtmeredov, Neuero şirkətinin Ağstafa layihəsi üzrə texniki koordinatoru Roman Jung, RAO şirkətlər qrupunun rəhbərliyi, regionun qabaqcıl fermerləri və digər rəsmi qonaqlar iştirak etdilər. Qonaqlar ölkəmizdə son illərdə aqrar sahənin inkişafına Prezident İlham Əliyev tərəfindən göstərilən diqqət və qayğıdan danışdılar.
Bayram tədbiri şəhərin Heydər Əliyev prospektində davam etdirildi. Tədbir iştirakçıları Ağstafa şəhərinin Heydər Əliyev prospekti boyunca yürüş edərək rayonun qazandığı nailiyyətləri əks etdirən sərgilərlə tanış oldular.
Tədbir iştirakçıları sonra “Ağstafa Aqroservis”MMC-yə gələrək inzibati ərazidə təşkil olunmuş sərgi ilə və Cəmiyyətin məhsulundan hazırlanmış un və un məmulatlarının keyfiyyəti ilə də tanış oldular. Ağstafa rayonunda kənd təsərrüfatı məhsulları istehsalçılarını müasir texnika və aqreqatla təmin etmək məqsədi ilə “Ağstafa-Aqroservis” MMC-nin balansında olan Almaniyanın qabaqcıl “CLAAS” şirkətinin texnikalarına baxış keçirildi.
Gələn qonaqlara məlumat verildi ki,“Ağstafa-Aqroservis” MMC-nin sərəncamında olan 61 müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası və avadanlığı təkcə Ağstafa rayonunda deyil, qonşu rayonlarda da müasir tələblərə uyğun aqrotexniki tədbirləri kompleks şəkildə icra etməklə əkin, səpin və məhsul yığımını həyata keçirməyə qadirdir. Az vaxt ərzində müəsisə istehsal və emal sahəsini daha da genişləndirmiş, yeni layihələrin icrasına başlamışdır.
Tədbirdə iştirak edən Kənd Təsərrüfatı Nazirliyinin, Ağstafa Rayon İcra Hakimiyyətinin rəhbər şəxsləri, RAO şirkətlər qrupunun rəhbərliyi, Almaniya şirkətlərinin nümayəndələri və gələn qonaqlar “Ağstafa-Aqroservis” MMC-nin ikinci lahiyyəsi olan, özündə istehsal-emal kompleksini cəmləşdirən mühüm bir layihənin təməl qoyma mərasimində iştirak etdilər. Mərasimdə çıxış edənlər tədbir iştirakçılarını məlumatlandırdılar ki, 30 min ton taxıl anbarı, saatda 5 ton emal və istehsal gücünə malik un və çörək zavodları, şirniyyat məhsulları istehsalı üzrə fabrikin və iaşə xidmətinin də daxil olduğu bu kompleksin təməlinin qoyulması ilə Ağstafa rayonunun iqtisadiyyatının inkişafında ciddi addım atılır. Layihənin icrası nəticəsində 40 daimi, 30 mövsümi işçinin işlə təmin olunması nəzərdə tutulur. Layihənin ümumi dəyəri 36,6 milyon manat təşkil edir. İstehsal olunan kənd təsərrüfatı məhsullarının tədarükündən başlayaraq son məhsulun emalına qədər böyük bir prosesi bir müəssisədə cəmləşdirməklə istehsalçıların və istehlakçıların maraqlarının uzlaşdırılmasına nail olunacaqdır.
Bayram tədbirində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Habil Əzəmmədov, Milli Məclisin deputatları Nizami Cəfərov və İlyas İsmayılov iştirak etdilər.
Tədbir, “Ağstafa-Aqroservis” MMC–nin inzibati ərazisində, Azərbaycanın tanınmış müğənnilərinin iştirak etdiyi konsert proqramı və atəşfəşanlıqla ilə başa çatdı.