Xəbərlər







1 avqust Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür.

Ümummilli lider Heydər Əliyevin 2001-ci ildə imzaladığı fərmana əsasən avqustun 1-i respublikamızda Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir.
Azərbaycan əlifbası – 32 hərfdən ibarət latın qrafikalı əlifba. Azərbaycan dilinin fonem tərkibində 9 sait və 25 samit səs vardır. Bu 34 səs Azərbaycan əlifbasında 32 hərflə işarə edilir. Türk yazı tarixi uyğurların əlifbasıyla başlasa da, Azərbaycan dilinin yazılması ərəb əlifbasının bir variantı ila başlanıb. Səlcuq və osmanlı türkləri X əsrdən başlayaraq ərəb əlifbasını əsas tutub və ərəb-fars əlifbası vasitəsilə çoxlu əsərlər yaradıb.
Ərəb əlifbası Azərbaycan dilinə kamilən uyğun olmasa da, keçmiş dövrlərdə bu əlifba vasitəsilə çox sayda dəyərli ədəbi və elmi əsərlər yaradılıb. Cənubi Azərbaycanda isə bu gün də azərbaycanlılar təkcə fars dilində təhsil aldıqlarına görə ərəb əlifbasını öyrənirlər. İranda Azərbaycan dilini latın alifbası ilə yazma, heç bir qanun keçmədən, bir curm kimi sayılır. İran azərbaycanlıları öz dillərində təhsil almadıqları üçün, yalnız Azərbaycan dilində danışıq ədəbiyyatı ilə tanışdırlar.
Azərbaycan dilində yazı 1929-cu ilə kimi ərəb qrafikası ilə aparılıb. 1922-1939-cu illərdə latın qrafikalı əlifba üzrə (1929-cu ilə kimi ərəb əlifbası ilə paralel olaraq), 1939-1991-ci illərdə kiril qrafikası üzrə, 1991-ci ildən başlayaraq yenidən latın qrafikası üzrə aparılıb.
Dövlətimiz müstəqillik qazandıqdan sonra dilimizin tətbiqi işinin təkmilləşdirilməsi ilə əlaqədar müxtəlif sərəncamlar, fərmanlar imzalanıb. Dil tarixində əlamətdar, önəmli hadisəyə çevrilən bir məqam var: 2001-ci il avqustun 9-da imzalanan sərəncama əsasən 1 avqust ölkəmizdə Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir.